İnsanın dünyada yaşadığı peşmançılıq

image

Əzab sizə gəlməmişdən öncə Rəbbinizə üz tutun və Ona itaət edin. Sonra sizə heç bir kömək olunmaz. Əzab sizə fərqinə varmadığınız bir halda, qəflətən gəlməmişdən əvvəl Rəbbinizdən sizə nazil edilən ən gözəl (sözə) tabe olun! (Zumər surəsi, 54-55)

İnsan bir təhlükə ilə qarşılaşanda vicdanı heyrətamiz sürətlə hər şeyin hesabını aparmağa başlayır. Dünyada yaşadığı ömrə və bu müddət ərzində gördüyü işlərə bir-bir qiymət verir. Əgər dünyada yaxşı işlər görməyibsə, Allah`ın dininə tabe olmayıbsa, həmin an onu çox böyük peşmançılıq sarır. Çünki həyatı boyu heç düşünmədiyi gerçəklər bir anda bütün yönləri ilə insanın gözü önündən keçir. Bəlkə də ömründə birinci dəfə ölümün, həqiqətən, çox yaxın olduğunu anlayır. Dünyada ikən cənnəti qazanacaq şəkildə ömür sürmədiyini və qapıldığı peşmançılıq hissinin də bu səbəbdən meydana gəldiyini düşünüb məsələni dərk edir. Allah`a qarşı etdiyi nankorluğu başa düşür və bu hərəkətlərinin əvəzsiz qalmayacağını da çox yaxşı hiss edir. Həmin ana qədər heç vaxt yaşamadığı qorxu hissi onu bürüməyə başlayır. Belə bir vəziyyətdən onu ancaq Allah`ın qurtara biləcəyini artıq qavrayır. Təhlükənin sovuşması üçün Allah`a yalvarır, ona dualar edir. Əgər bəladan qurtulsa, çəkdiklərini heç vaxt unutmayacağına, Allah`a şükür edəcəyinə və sonrakı həyatını bu həqiqətlərə görə nizamlayacağına söz verir. Yetər ki, qurtulsun və əlinə bir də həyatı sürdürmək imkanı düşsün.

Amma insanların əksəriyyəti düşdüyü təhlükəli vəziyyətdən çıxandan sonra verdiyi sözə sadiq qalmır. Allah`ın onu bəladan qurtarmasına rəğmən, yenidən əvvəlki vəziyyətinə qayıdır. Ölümlə göz-gözə gələndə qəbul etdiyi həqiqətləri bir andaca yaddan çıxarır. Hiss etdiyi peşmançılıq və təslimçilik yerini əvvəlki nankorluğa verir. Təhlükə sovuşandan sonra, sanki bir qədər əvvəl Allah`a dua edən və peşmançılıq yaşayan özü deyilmiş kimi, Allah`dan üz çevirir. Əvvəlki həyatını sürdürərək, bəlkə də dünyaya daha çox bağlanaraq, yaşamağa davam edir. Allah belələrinin ruhi vəziyyətini Quranda bu misallarla açıqlamışdır:

Sizi suda və quruda gəzdirən Odur. Siz gəmidə olduğunuz, gəmilər gözəl bir külək vasitəsilə içərisində olanları apardığı, onlar da sevindikləri vaxt birdən fırtına qopub dalğalar hər tərəfdən gəmilərin üzərinə hücum etdikdə və müsafirlər dalğaların onları bürüdüyünü (həlak edəcəyini) başa düşdükdə sidq-ürəkdən Allah`ın dininə sarılaraq Ona belə dua edərlər: "Əgər bizi bu təhlükədən qurtarsan, Sənə şükür edənlərdən olarıq!" (Allah) onları xilas etdikdə isə dərhal haqsız olaraq yer üzündə azğınlıq edərlər. Ey insanlar! Azğınlığınız yalnız sizin öz əleyhinizədir. (Bunlar) dünya həyatının keçici zövqləridir. Sonra isə dönüşünüz Bizə olacaq, Biz də nə etdikləriniz barədə sizə xəbər verəcəyik. (Yunis surəsi, 22-23)

Sizə dənizdə bir fəlakət üz verdiyi zaman Ondan başqa tapındıqlarınız (sizdən) uzaqlaşar. O sizi xilas edib quruya çıxartdıqda isə üz döndərirsiniz. Həqiqətən, insan nankordur! (Allah`ın) sizi quruda yerə batırmayacağına, yaxud üstünüzə daş-kəsəkli tufan göndərməyəcəyinə əminsinizmi? Sonra sizi qoruyan da tapa bilməzsiniz. (İsra surəsi, 67-68)


Ayələrdə də bildirildiyi kimi, əcəba, insan bir təhlükədən canını qurtarandan sonra oxşar, yaxud başqa cür təhlükə ilə qarşılaşmayacağından, qarşılaşsa da, yenidən qurtulacağından əmindirmi? Əlbəttə, bundan əmin olmaq mümkün deyil. Üstəlik, qurtulsa da, heç bir şey dəyişməz. Çünki onun yaşaması üçün verilən müddət başa çatdıqdan sonra mütləq öləcək. Onda da eyni peşmançılığı yaşayacaq, lakin bu peşmançılığın ona faydası olmayacaq.

Burada bəhs olunanlar, əslində, dindən uzaq yaşayan bütün insanların malik olduqları müştərək ruh halıdır. Allah Quranın başqa ayələrində bu insanların vəziyyətlərini bizə belə xəbər verir:

İnsana bəla üz verdikdə uzananda da, oturanda da, ayaq üstə olanda da Bizi çağırar. Bu bəlanı ondan sovuşdurduqda isə sanki ona üz vermiş bəladan ötrü Bizi çağırmamış kimi çıxıb gedər. Həddi aşanlara etdikləri əməllər beləcə gözəl göstərildi. (Yunis surəsi, 12)

İnsanların başına bir bəla gəldiyi zaman Rəbbinə üz tutub Ona yalvarırlar. Sonra O, Özündən onlara bir mərhəmət daddıran kimi, onlardan bir dəstə Rəbbinə şərik qoşur. (Rum surəsi, 33)


Göründüyü kimi, ayələrdə də bəhs olunan insanlar bir sıxıntı ilə üzləşdikləri zaman Allah`a üz tuturlar. Ancaq təhlükədən qurtulandan sonra bir anda Allah`a verdikləri sözü unudaraq, nankorluq edirlər. Buradan aydın olur ki, insanların yaşadıqları peşmançılıq qarşılaşdıqları təhlükə anındakı çarəsizlikdən doğur. Halbuki, yuxarıda da bildirdiyimiz kimi, Allah`a inanan insanların yaşadıqları faydalı peşmançılıq belə deyil.

Həqiqi peşmançılıq bir anda unudulmayan, insanı hərəkətə gətirən, hətta bəzi vaxtlar onda vacib dəyişikliklər edən bir hissdir. Ürəyində səmimi peşmançılıq hiss edən adam həyatının ona bağışlanan sonrakı dövrünü Allah`ın rizasına uyğun yaşayar. Şərtlər dəyişəndə və ona yeni fürsət veriləndə, qətiyyən əvvəlki vəziyyətinə dönməz. Çünki belə nankorluğun Allah`ın ayələrində də bildirildiyi kimi, özünün əleyhinə olacağını bilər.

Ayələrdə qeyd olunan gəmidəki insanların psixologiyasını Allah bütün insanlara ibrət olaraq göstərib. Çünki bu, hər bir insanın nəfsində olan meyildir. Elə isə hər insan nəfsinin bu mənfi xüsusiyyətindən imtina etməli, ayələrdə göstərilən insanların halından ibrət götürərək vicdanı qarşısında səmimi hesabat verməlidir. Yəni bunları düşünməlidir:

"Mən buna bənzər bir vəziyyətlə qarşılaşsam, hansı ruhi vəziyyətdə olardım? Nələrdən peşman olar və mənə gələn təhlükədən qurtulduğum təqdirdə, nəyi dəyişdirəcəyimə dair Allah`a söz verərdim? Nələrdən uzaqlaşar, hansı qərarlarımı səmimiyyətlə yerinə yetirməyə başlayardım?"

İnsanın bunları fikirləşməsi və doğru qərar verməsi üçün mütləq təhlükəli vəziyyətə düşməsi lazım deyil. Hətta belə bir təhlükə ilə qarşılaşmadığı üçün heç kim aldanmamalıdır. Bəlkə də bu gün belə vəziyyətə düşməyəcəyini düşünən insanın başına çox yaxın vaxtlarda buna oxşar bir iş gələcək. Yaxud, bəlkə də ömrünün axırına qədər heç bir təhlükə ilə üzləşməyəcək. Amma qəti olan bir şey var ki, onun üçün təqdir edilən ölüm anı gəlib çatan kimi ölüm mələklərini yanında görəcək. Ölümün həqiqət olduğunu görəndə isə əgər Allah`ın rizasına uyğun yaşamayıbsa, mütləq peşman olduğunu hiss edəcək.

Bu peşmançılıqla dünyada da, axirətdə də qarşılaşmamaq üçün dünyada yerinə yetiriləcək tək məsələ Allah`a üz tutmaq, Onu sevmək, Ondan çəkinmək, Onun Quranda bildirdiyi əmrləri həyatına tətbiq etməkdir. Ölüm çox yaxındır. Elə isə insan edəcəklərini heç bir şəkildə gecikdirməməli, verdiyi qərarları da səbir və iradə ilə həyata keçirməlidir. Allah`a olan yaxınlığının, səmimiyyətinin ölçüsü isə çarəsizlik və təhlükə anında Allah`a üz tutub, iman gətirən adamın göstərdiyi yaxınlıq və səmimiyyət qədər olmalıdır. Həmçinin bu yaxınlıq və səmimiyyəti qalan bütün ömrü boyunca davam etdirməlidir.

İnsanların yaddan çıxarmaması vacib olan ən əsas həqiqət budur: insanın dünyada yaşamasının əsl məqsədi Allah`ın razı olduğu bəndə olmaqdır. Bunun xaricindəki hər şey- qazandığı müvəffəqiyyətlər, sahib olduğu mal-mülk, ailəsi, ətrafı, məqamı Allah`a yaxınlaşmaq üçün ancaq bir vasitədir. Bunların ona Allah`a şükür etməsi, Ona üz tutması üçün verildiyini yaddan çıxarıb və ya fərqində olmayıb, sadəcə bu vasitələri əldə etməyi qarşılarına məqsəd qoyanların isə etdikləri hər şey boşa çıxacaq. Dünyada əldə etdikləri müvəqqəti faydalar həmin insanlara axirət günündə heç nə qazandırmayacaq. Üstəlik, Allah daha çox belələrinin hüsrana düçar olacaqlarını bir Quran ayəsində belə açıqlayır:

De: "Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi? O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər." Onlar Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını inkar edən, buna görə də bütün əməlləri boşa çıxan kimsələrdir. Odur ki, qiyamət günü Biz onlara əhəmiyyət verməyəcəyik. (Kəhf surəsi, 103-105)

Əgər insan dünyadakı halı, davranışları və əxlaqı ilə Allah`ı razı salarsa, Allah onu dünyada da, axirətdə də qoruyacaq. Ancaq dünyada ikən bu fürsəti əlindən buraxarsa, ölüm mələkləri yanına gələndə artıq düzəldə bilməyəcəyi səhvləri anlayacaq və sonsuza qədər sürən peşmançılıq içində yaşayacaq. Quranda Rəbbinin hüzuruna çıxarılanda etdiklərinə görə peşman olan insanların etirafı belə bildirilir:

O: "Kaş (axirət )həyatım üçün əvvəlcədən hazırlıq görəydim!" deyəcəkdir. (Fəcr surəsi, 24)

"... Kaş Rəbbimə heç kəsi şərik qoşmayaydım!" (Kəhf surəsi, 42)

"... Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim!" (Furqan surəsi, 27)


Etdiklərinə görə peşman olub, çarəsizlik içində bu sözləri söyləmək istəməyən hər bir insan vaxt itirmədən, elə indi onu yaradan Rəbbinə üz tutmalı və Onun istədiyi şəkildə həyatını davam etdirməlidir.