İnkarçıların cəhənnəmi görəndə yaşadıqları peşmançılıq

image

Hesab günü bütün insanlar bir yerə yığışacaq. Hesablarının müəyyən olunmasından sonra inkar edənlər qruplar halında cəhənnəmə aparılacaqlar. Bu izdihamın arasında tarix boyu Allah`ın varlığını və dinini inkar etmiş, Allah`ın ayələrinə qarşı təkəbbür göstərmiş və üz döndərmiş hər kəs olacaq. Aralarında dünyada ikən özlərini zəngin sayan, insanlar arasında etibar qazanan insanlar da tapılacaq. Lakin bu insanlar dünyada onları qurtaracağını zənn etdikləri şeylərin o gün heç bir faydasının olmadığının şahidi olacaqlar. Quranda bütün inkar edənlərin alçaldılaraq cəhənnəmə tərəf aparılacaqları xəbər verilmişdir. Cəhənnəmin qapısına gələndə isə qapıda duran növbətçilər günahlarını onlara bir dəfə də etiraf etdirəndən sonra bütün inkar edənləri içəri salacaq və cəhənnəmin qapılarını arxalarına bağlayacaqlar. Quranda inkar edənlərin cəhənnəmə aparılmaları haqda belə deyilir:

Kafirlər dəstə-dəstə cəhənnəmə sürüklənəcəklər. Nəhayət, ora çatdıqda onun qapıları açıq olacaq və onun gözətçiləri onlara deyəcəklər: "Məgər öz içərinizdən Rəbbinizin ayələrini sizə oxuyan və sizi bu gününüzə qovuşacağınızla xəbərdar edən elçilər gəlməmişdi?" Onlar: "Əlbəttə, (gəlmişdi!)" deyəcəklər. Lakin əzab Sözü kafirlər barəsində gerçəkləşdi. (Onlara:) "İçində əbədi qalacağınız cəhənnəmin qapılarına girin!"– deyiləcək. Təkəbbürlülərin yeri necə də pisdir! (Zumər surəsi, 71-72)

"Bu sizin yer üzündə nahaq yerə sevinməyinizə və qürrələnməyinizə görədir! İçində əbədi qalacağınız cəhənnəmin qapılarına girin! Təkəbbürlülərin yeri necə də pisdir!" (Ğafir surəsi, 75-76)


Bu insanların arasında dünya həyatında Allah`ın əzabı və cəhənnəmlə qarşılaşacaqlarını bilmədiyini deyə biləcək bircə nəfər də yoxdur. Çünki Allah sonsuz ədaləti ilə insanları dünyada ikən tənbeh edən, onları qəflətdən oyandıran bir şəxs göndərərək, onlara Öz varlığını, hesab gününü, cənnəti, cəhənnəmi xatırlatmışdır. Buna görə də inkar edənlərin hamısı cəhənnəm əzabını haqlı olaraq qazandıqlarını təsdiq edəcəklər.

Axı dünyada ikən bildirildiyi halda, qürurlanmışlar və onları yaradan Allah`a bilə-bilə qulluq etməmişlər. Və bunun əvəzində də Allah bu insanların cəhənnəmə boynu bükük girəcəklərini bildirmişdir:

Həqiqətən, "Mənə ibadət etməyə təkəbbür göstərənlər cəhənnəmə zəlil olaraq girəcəklər." (Ğafir surəsi, 60)

Bu insanların bir qismi dünyada özlərinin çox güclü olduqlarını görmüşlər və buna görə də üsyan etmişdilər. Sahib olduqları gücün onları hər cür təhlükədən qoruyacağını zənn etmişdilər. Nə vaxt da onlara cəhənnəmin varlığı, bu dünyada Allah`ın razılığını qazanmaq üçün yaşamağın vacibliyi, axirətdə cənnət yurdunu istəmələri və Allah`ın “Qəhhar” (qəhr edən) sifəti xatırladılsa, belə demişdilər:

"Bəs niyə Allah bizi dediklərimizə görə cəzalandırmır?" – deyirlər. Cəhənnəm onlara yetər. Onlar orada yanacaqlar. Ora necə də pis dönüş yeridir. (Mücadilə surəsi, 8)

Üsyanlarına qarşılıq cəhənnəmin qapılarından içəri salınacaqlar və bir də heç vaxt həmin qapılardan kənara çıxmalarına izn verilməyəcək. Atəşi gördükləri an inkarçılar etdiklərinə görə bir də çox peşman olacaqlar. Quranda bildirildiyi kimi, cəhənnəmdən heç cür qaçış yolu olmadığını başa düşəcəklər:

Günahkarlar atəşi görən kimi oraya düşəcəklərini yəqin edəcək və oradan qaçmağa bir yer tapa bilməyəcəklər. (Kəhf surəsi, 53)

Dünya həyatında başa düşmək istəmədikləri hər şeyi aydın görəcəklər. Bütün həyatlarını əbəs bir məqsəd uğrunda keçirdiklərini, bir az keçici mənfəət uğrunda sonsuz həyatlarını əzabda keçirəcəklərini başa düşəcəklər. Dünyada yaşadıqları bir neçə on illiyi çox uzun zənn etmiş və buna görə də axirəti düşünməmişdilər. Burada acizliklər və nöqsanlara görə heç vaxt rahat olmayan bir ruh halını yaşamağı nöqsansız, heç bir qüsuru olmayan, yorğunluq, aclıq kimi fiziki vəziyyətlərin də olmadığı, mükəmməl nemətlərlə dolu cənnətdə böyük səadət içərisində yaşamaqdan üstün tutmuşdular. Amma cəhənnəmin qapılarından içəri daxil olandan sonra daha geriyə qayıtmaq imkanlarının olmadığını başa düşəcəklər. Bu səbəbdən də dünyada sahib olduqları hər şeyi fidyə kimi təklif edərək, əzabdan qurtulmağa çalışacaqlar. Quranda onların bu nəticəsiz səyləri barədə deyilir:

... Onun dəvətini qəbul etməyənlərə gəlincə, yer üzündə olan (var-dövlətin) hamısı, üstəlik, bir o qədəri də onların olsaydı, onu mütləq fidyə verərdilər. Onlarla dəhşətli bir haqq-hesab çəkiləcəkdir. Onların sığınacaqları yer cəhənnəmdir. Ora nə pis yataqdır! (Rəd surəsi,18)

Ancaq belələrinin cəhənnəmə girəcəklərini anlayanda göstərdikləri bu səyin heç bir qarşılığı olmayacaq. Allah onların bu səylərindən bir nəticə hasil olmayacağını xəbər vermişdir:

Bu gün sizdən də, kafirlərdən də heç bir fidyə qəbul olunmaz. Sığınacağınız yer də oddur. Sizə layiq olan elə odur. Ora nə pis dönüş yeridir! (Hədid surəsi, 15)

Əlbəttə, inkarçıların bu səylərinin nəticə verməməsinin əhəmiyyətli bir səbəbi var. Allah hələ dünyada ikən cəhənnəm əzabını xatırladaraq onları tənbeh etmişdir. Və o gün heç bir insanın başqasına kömək edə bilməyəcəyi, onu qurtarmaq üçün heç bir şey verməyəcəyi, lap versə də, bunun qəbul edilməyəcəyi barədə onları xəbərdar etmişdir. İnsanları bu yöndə xəbərdar etmək üçün göndərilən bir ayə belədir:

Qorxun o gündən ki, heç kəs heç kəsə fayda verə bilməyəcək, heç kəsdən şəfaət qəbul olunmayacaq, heç kəsdən bir fidyə alınmayacaq və kömək göstərilməyəcəkdir. (Bəqərə surəsi, 48)

Lakin onlar hər cür xəbərdarlığa baxmayaraq, inkarlarından əl çəkməmiş və bildikləri halda, özlərini belə bir nəticəyə hazırlamışdılar. O gün başa düşəcəkləri ən böyük həqiqətlərdən biri də budur ki, özlərinə zülm etdiklərini, yəni öz əməllərinə görə cəhənnəmi qazandıqlarını biləcəklər.

Bunu başa düşəndə hiss etdikləri peşmançılıq isə əbədi həyatları boyunca heç vaxt azad ola bilməyəcəkləri bir əzab olacaqdır. Çünki artıq çox önəmli bir həqiqətlə qarşılaşıblar. Əgər həyatlarını boş məqsədlərə sərf etmək əvəzinə onları yaradan Allah`ı razı etməyə çalışsaydılar, bu gün cəhənnəmin qapısında yox, cənnətdə olacaqdılar. Amma onlar doğru olanı etməmişdilər və buna görə də əbədi zülmə düçar olmuşdular.

Bir ayədə bildirildiyi kimi, od onların üzərində qapanacaqdır (Bələd surəsi, 20). Yəni cəhənnəmin qapısından içəri daxil olandan sonra bu qapı onlar üçün həmişəlik bağlanacaq. Bu qapının arxasında əbədi yaşayacaqları atəş əzabı vardır. İnkarçılar üçün bu əzabdan heç cür qaçmaq, ya da qurtulmaq imkanı olmayacaqdır. Allah onların atıldıqları bu atəşi Hütəmə adlandırıb:

Sən haradan biləsən ki, Hütəmə nədir? (Bu,) Allahın qaladığı Oddur. Ki, (qalxıb) ürəklərə çatacaq. Həqiqətən, o, onların üzərində qapanacaqdır. (Huməzə surəsi, 5-9)