Dünyadakı peşmançılıqdan ibrət götürmək lazımdır

image

Dünya həyatı insanların cənnətdəki nöqsansız və sonsuz həyatı qazana bilmələri üçün verilmiş çox əhəmiyyətli bir fürsətdir. Bu fürsətdən istifadə edə bilməyərək dindən uzaq yaşayan insanlar isə yuxarıda da qeyd etdiyimiz kimi, axirətdəki əzabı görəndə, mütəmadi olaraq dünyada keçirdikləri hər dəqiqənin peşmançılığını yaşayacaqlar. Çünki bu insanlar dünyada kifayət qədər tənbeh edilmiş, cənnətin və cəhənnəmin mövcudluğu barədə xəbərdar olunmuşdular. Onlara həmçinin axirətdəki yerlərini davranışlarının müəyyən edəcəyi bildirilmişdir. Peyğəmbərimizin (s.ə.v) də bildirdiyi kimi, "dünya axirətin tarlasıdır."

Onlara hansı davranışlarının necə nəticə verəcəyi bildirilmişdi. Ancaq bu gedər-gəlməz sona varmamışdan əvvəl dünyada yaşadıqları müddətdə Allah insanlara peşmançılığın necə bir hiss olduğunu daddırır. Ölümdən əvvəl bəlkə düşünə və həqiqəti görələr deyə, peşmançılıq hissini onlara mütləq yaşadır.Bununla yanaşı, peşmançılığı içlərində yaşayan insanlara səhvlərini və yanlış davranışlarını düzəldə bilmələri üçün vaxt da verir. Hər insan dünyada ikən həyatını Allah`ın ondan istədiyi kimi qurmaq və qalan həyatını tövbə edib Allah`ı razı salacaq şəkildə davam etdirmək imkanına malikdir.

Bu baxımdan, dünyada yaşanan peşmançılıq hissi, əslində, insanlara Allah tərəfindən verilmiş çox böyük fürsətdir. Çünki əgər peşmançılıqdan sonra Allah`a üz tuturlarsa, Allah insanların bu səmimiyyətinin əvəzində onları əbədi olaraq xilas edir. Ancaq əksinə, Allah`dan gələn bu tənbeh və fürsətlərə əhəmiyyət verməyərək, vaxtlarını necə gəldi keçirirlərsə, cəzaları sonsuza qədər qurtula bilməyəcəkləri əbədi peşmançılıq və əzab olur.

Səhv edib sonra peşman olan insanlar haqqında Quranda çoxlu misallar göstərilir. Yaşadıqları peşmançılıq bu insanlardan bir qismini Allah`a yönəltmiş, digərlərinin isə həyatlarında bir də eyni səhvləri təkrar etmələrinə şərait yaratmışdır. Bir qisim də müəyyən vaxt keçəndən sonra yaşadığı sıxıntıları yaddan çıxarmış, əvvəlki üsyankar vəziyyətinə qayıtmışdır.

İnsanların səhvlərinə görə çəkdikləri peşmançılığın onları tövbəyə məcbur etməsinə və doğru yola yönəltməsinə nümunə kimi, Quranda hz. Peyğəmbərimiz dövründə mübarizədən kənarda qalan üç nəfər göstərilir:

Allah bəzilərinin qəlbi yayınmaq üzrə olduqdan sonra Peyğəmbərin də, çətin vaxtda onun ardınca gedən mühacirlərin və ənsarların da tövbəsini qəbul etdi, sonra da onları bağışladı. Çünki (Allah) onlara qarşı şəfqətlidir, rəhmlidir. Geri qalmış üç nəfəri də (bağışladı). Hətta yer üzü öz genişliyinə baxmayaraq, onlara dar gəlmiş, ürəkləri sıxılmış və yəqin bilmişdilər ki, Allah`dan (Onun əzabından), ancaq Onun Özünə sığınmaqdan başqa çarələri yoxdur. Sonra (Allah) peşman olsunlar deyə onların tövbəsini qəbul etdi. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir. (Tövbə surəsi, 117-118)

Yuxarıdakı ayələrdə də göründüyü kimi, o dövrdə Peyğəmbərdən dala qalan üç nəfər daxilən çox peşman olmuşdular. Ancaq bu hissdən qurtulmaq üçün yeganə yolun yenə Allah`a sığınaraq tövbə etmək olduğunu da başa düşmüşdülər. Həqiqi peşmanlıq insanları tez bir zamanda hərəkətə gətirən, onları dəyişdirən, səhvlərini düzəltməyə istiqamətləndirən peşmanlıqdır. Belə səmimi peşmançılıqla insanlar həyatlarının qalan hissəsini Allah`ın razılığına uyğun yaşayar və Allah`ın bağışlayan və mərhəmətli olduğunu görməyə ümid edərlər. Çünki Allah tövbələri qəbul edər və səhvlərini düzəldən bəndələrini bağışlayar:

Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah bağışlayandır, rəhmlidir! Kim tövbə edib yaxşı iş görərsə, o, doğrudan da Allah`a tərəf qayıtmış olar. (Furqan surəsi, 70-71)

Yaramaz işlər görüb sonra bunun ardından tövbə edib iman gətirənlərə gəlincə, şübhəsiz ki, Rəbbin bundan sonra bağışlayandır, rəhmlidir. (Əraf surəsi, 153)

Mən, həqiqətən də, tövbə edib, iman gətirib yaxşı işlər görən, sonra da doğru yolu tutanları bağışlayıram. (Taha surəsi, 82)


Eyni zamanda, Quranda peyğəmbər göndərilən qövmlərin etdikləri böyük səhvlərə görə peşman olduqları da bildirilir. Məsələn, hz. Musanın Tur dağına getməsindən istifadə edən qövmü Allah`ı unudub, bir heykələ sitayiş etməyə başlamış, ancaq hərəkətlərinin böyük səhv olduğunu biləndə çox peşman olmuşdular. Qövmün peşman olması Quran ayələrində belə bildirilir:

Musanın ardınca qövmü öz zinət əşyalarından böyürən bir buzov heykəli düzəltdilər. Məgər (bu heykəlin) onlarla danışmadığını, onlara düz yol göstərmədiyini görmürdülərmi? Ona ilah kimi sitayiş edib zalımlardan oldular. Onların əlləri yanlarına düşdükdə və azdıqlarını gördükdə: "Əgər Rəbbimiz bizə rəhm etməsə və bizi bağışlamasa, əlbəttə, ziyana uğrayanlardan olarıq", – dedilər. (Əraf surəsi, 148-149)

Quranda bu mövzuda göstərilən başqa bir misal isə bağ sahibləri ilə bağlıdır. Bağ sahibləri Allah`ın nemət olaraq verdiyi bağı özlərininki sayıb qürrələnmiş və Allah`a şükür etməyi unutmuşdular. Lakin bundan sonra gələn əzab onların bu davranışlarına görə peşman olmalarına və Allah`a üz tutmalarına səbəb olmuşdu:

Həqiqətən, Biz bağ sahiblərini sınağa çəkdiyimiz kimi onları da sınağa çəkdik. O zaman (bağ sahibləri) səhər açılanda (bağda olan meyvələri) mütləq dərəcəklərinə and içmişdilər. Və heç bir istisna da etməmişdilər. Onlar yuxuda ikən Rəbbinin əzabı (o bağı) bürüdü. (Bağ) (yanıb) zülmət gecə kimi (qapqara) oldu. Onlar səhər qalxdıqda bir-birlərini çağırdılar: "Əgər dərəcəksinizsə, bağınıza erkən gedin!" Onlar (bağa) yollandılar, bir-birlərinə pıçıldayırdılar: "Bu gün oraya – yanınıza heç bir kasıb girməsin!" Onlar bu məqsədlə (kasıbları bağa buraxmamağa) qadir olacaqlarını zənn edib erkən getdilər. (Bağı) görəndə isə (belə) dedilər: "Deyəsən, biz düz gəlməmişik! Xeyr! Biz məhrum olmuşuq!" Onların ən insaflısı dedi: "Məgər mən sizə (Allah`ın şəninə) təriflər söyləyin deməmişdimmi?" Onlar dedilər: "Rəbbimiz pakdır, müqəddəsdir! Həqiqətən də, biz özümüzə zülm etmişik!" Onlar dönüb bir-birlərini qınamağa başladılar. (Və) dedilər: "Vay halımıza! Biz həddi aşanlarıq! Ola bilsin ki, Rəbbimiz bizə (bu bağın) əvəzinə ondan daha yaxşısını versin. Əlbəttə, biz Rəbbimizə yönəlirik". (Qələm surəsi, 17-32)

Təəssüf ki, insanların əksəriyyəti dünyada ikən peşman olmaları və tövbə edib saleh əməllər etmələri üçün gələn tənbehləri şərait və şərtlər dəyişəndə, yenə bir fürsət veriləndə tez yaddan çıxarırlar. Bu tənbehi görməzlik üzündən əvvəlki vəziyyətlərinə qayıdanların tövbə etmədikləri müddət ərzində nankorluqları əvəzsiz qalmayacaq.Hz. Salehin peyğəmbər olaraq göndərildiyi Səmud xalqının başına gələnlər də bu qəbildəndir. Allah`ın elçisi onları açıq şəkildə tənbeh etdiyi, peşman olacaqlarını, əzabla qarşılaşacaqlarını bildirdiyi halda, onlar təkidlə üsyan etməyə davam etmişdilər. Əlbəttə, Allah vədindən dönməzdir və bu insanlara vəd etdiyi əzabı onlara göstərmişdir:

Dedi: "Bu, dişi dəvədir! Onun da, sizin də müəyyən edilmiş vaxtlarda su içmək haqqınız vardır. Ona heç bir pislik etməyin, yoxsa böyük günün əzabı sizi yaxalayar." Onlar dəvənin diz vətərini kəsdilər, sonra da peşman oldular. Əzab onları yaxaladı. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi. Həqiqətən, sənin Rəbbin qüdrətlidir, rəhmlidir. (Şüəra surəsi, 155-159)

Yadda saxlayın ki, Allah sonsuz ədalət sahibidir. Edilən heç bir xətanı əvəzsiz buraxmaz. Ancaq Onun razı qalmasından ötrü edilən gözəl əməllərin əvəzini bir neçə qat artıqlaması ilə verir. Səmimi peşmançılıq duyaraq Ona üz tutan hər bir kəsi qurtaracağını və onu rəhməti, cənnəti ilə mükafatlandıracağı haqda müjdələyir. Bu vəziyyətdə insan özü-özünə bu sualı verməlidir: Dünyada yaşadığın müvəqqəti bir peşmançılığın nə qədər böyük sıxıntı verdiyini bildiyin halda, sonsuzadək davam edəcək peşmançılığı yaşamağın düzgündürmü? Üstəlik, əzabın bir an da olsa, yüngülləşdirilməyəcəyi cəhənnəm həyatındakı peşmançılığı yaşamaq...

Əlbəttə, heç kim belə peşmançılığı çəkə bilməz. Bu vəziyyətdə insanın görməli olduğu iş məlumdur. Dünyada bu fürsəti dəyərləndirmək imkanı hələ hər insan üçün mövcuddur. Bu fürsətdən istifadə edən insan nəinki cəhənnəm əzabından qurtulacaq, həm dünyadakı, həm də cənnətdəki bütün nemətlərin sahibi olacaq.

Bu nemətlərə qovuşmaq və cəhənnəm əzabı çəkmədən yaşamaq istəyən hər bir insan həyatını Allah`ın razılığını qazanmaq üzərinə qurmalıdır. Qeyd-şərtsiz Onun dəvət etdiyi, qaranlıqlardan nura çıxaran yolun yolçusu olmalıdır:

Sizi zülmətlərdən nura çıxartmaq üçün sizə rəhm edən Odur. Onun mələkləri də (sizin üçün bağışlanma diləyərlər). (Allah) möminlərə qarşı rəhmlidir. (Möminlərin) Ona qovuşacaqları gün xeyir-duaları salam olacaqdır. (Allah) onlara olduqca gözəl mükafat hazırlamışdır. (Əhzab surəsi, 43-44)