İnkar edənlərin cəhənnəmdə qarşılaşacaqları əzab

image

İnkarçıların cəhənnəmdə sonsuza qədər yaşayacaqları peşmançılıqdan danışmadan öncə orada üzləşəcəkləri əzablardan bəhs etmək daha faydalı olacaq. Çünki insan cəhənnəmdəki əzabın çeşidlərini öyrənmədən, orada çəkəcəyi peşmançılığın necə olacağını da dərk etməz.

İnkarçıların yaşadıqları peşmançılıq yuxarıda da qeyd etdiyimiz kimi, cəhənnəmi gördükləri andan başlayır. Cəhənnəmə daxil olarkən və sonra cəhənnəmdəki əzabları yaşayarkən də bu sonu olmayan peşmançılıq davam edər. Allah bu insanların cəhənnəmə girmələrindən sonrakı danışıqlarını belə xəbər vermişdir:

Rəbbinə qarşı çıxanlar cəhənnəm əzabına düçar olacaqlar. Ora nə pis dönüş yeridir. Onlar oraya vasil ediləndə onun dəhşətli uğultu ilə qaynadığını eşidəcəklər. Cəhənnəm qəzəbindən az qala parçalansın. Hər dəfə bir dəstə oraya atılarkən (cəhənnəmin) gözətçiləri onlardan soruşacaqlar: "Məgər sizə xəbərdarlıq edən gəlməmişdi?" Onlar deyəcəklər: "Əlbəttə, bizə qorxudan gəlmişdi. Amma biz yalançı sayıb: "Allah heç bir şey nazil etməyib, siz də ancaq böyük bir azğınlıq içindəsiniz", – demişdik. Onlar deyəcəklər: "Əgər biz dinləsəydik və ya anlasaydıq, alov (şölələri saçan) od sakinlərinin içində olmazdıq!" Onlar öz günahlarını etiraf edəcəklər. Rədd olsun alovlu od sakinləri! (Mülk surəsi, 6-11)

Ayələrdə də bildirildiyi kimi, inkar edənlər cəhənnəmə atılanda birinci dəhşətli səslə qarşılaşacaqlar. Allah Mülk surəsinin 7-ci ayəsində bu səsi: "Onları oraya atanda onlar onun qaynayaraq uğuldadığını eşidəcəklər", deyə təsvir edib. Şübhəsiz ki, inkarçılar bu dəhşətli səsi eşidəndə onları sözlə ifadə olunmayacaq bir sıxıntı və qorxu bürüyəcək. Allah başqa bir ayədə isə atəşi inkar edənlər üçün hirsindən partlayıb-parçalanacaq şəkildə yaratdığını bildirmişdir (Mülk surəsi, 8). Bu dəhşət verən hadisələrə şahid olan inkarçılar necə bir əzabla qarşılaşacaqlarını başa düşməyin verdiyi çarəsizliyi yaşayacaqlar. Və yuxarıdakı ayələrdə bildirildiyi kimi, dünyada bunları düşünə bilmədiklərinin peşmançılığını etiraf edən danışıqları olacaq. Belə bir sıxıntı yaşamaları isə son dərəcə adi haldır.

Çünki qarşılaşacaqları hər əzab bir-birindən dəhşət verici və can yandıran olacaq. Allah ayələrində cəhənnəmin ən pis yer olduğunu bildirmişdir:

... Ora nə pis qayıdış yeridir! (Ali-İmran surəsi, 162)

... Ora nə pis dönüş yeridir. (Nisa surəsi, 115)

... Zalımların məskunlaşacağı yer necə də pisdir! (Ali-İmran surəsi, 151)

Ora necə də pis yaşayış yerdir. (İbrahim surəsi, 29)


Cəhənnəm əhli bu pis yerə böyük izdiham şəklində atılacaq. Bir ayədə "Onlar azğınlarla birlikdə oraya atılarlar" (Şüəra surəsi, 94) şəklində bildirilmişdir. Bu ifadələrdən dünyada mal-mülk sahibi, etibarlı insanlar olduqlarını düşünərək, qürurlananlar da daxil olmaqla, bütün inkarçıların cəhənnəm atəşinə dəyərsiz bir yığın halında töküləcəkləri anlaşılır.

Dünyada özlərini böyük göstərmələrinin əvəzində onlar həmin gün alçaldılacaqlar. Orda heç vaxt onlara dəyər verilməyəcək. Onlar cəhənnəmin odunu olacaq və atəşin mənbəyi tək sonsuza qədər əzab içərisində qovurulacaqlar:

Siz və Allah`dan başqa tapındıqlarınız cəhənnəm odunusunuz. Siz ora girəcəksiniz.(Ənbiya surəsi, 98)

... Onlar cəhənnəmin yanacağıdırlar. (Ali-İmran surəsi, 10)


Quranda bəhs olunan cəhənnəm əzabları çox müxtəlifdir. İnsanlar orada bir ayənin ifadəsi ilə söyləsək, bütün zamanlar boyu, yəni sonsuza qədər hər an əzabla üz-üzə olacaqlar. Bu əzab növlərindən bəzilərini sadalaya bilərik; məsələn:

Furqan surəsinin 13-cü ayəsində inkarçıların atəşin sıx yerinə əlləri boyunlarına bağlı şəkildə atılacaqları xəbər verilmişdir. Məlum olduğu kimi, insanlar darısqal yerdə bir neçə dəqiqədən artıq qalanda çox narahat olur və tez oradan çıxmaq istəyirlər. Bu bir yana, hətta özlərini bağlı və dar yerdə təsəvvür etmək də istəməzlər. Cəhənnəmdə veriləcək əzab isə dünyadakı ilə müqayisə edilməyəcək qədər böyükdür. İnkarçılar orada həm dar yerə atılacaqlar, həm də olduqları yerdə atəşdə yanacaqlar. Üstəlik, əlləri boyunlarına bağlı olduğu üçün atəşdən qurtulmaq bir tərəfə dursun, heç tərpənməyə də imkan tapa bilməyəcəklər. Əlbəttə, insan bu cür vəziyyəti xəyalında canlandıranda belə çox şiddətli narahatçılıq hiss edər. Bunu yaşamağın necə əzablı olduğu isə artıq məlumdur.

Allah başqa bir ayəsində inkarçıların "qapqara tüstüdən kölgə içində olacaqlar"ını bildirmişdir (Vaqiə surəsi, 43-44). Ancaq kölgə deyiləndə insanlar sərin bir yer başa düşürlər. Halbuki, cəhənnəmdəki kölgə dünyadakından tamamilə fərqlidir. Allah bu kölgənin nə sərinlədici, nə də fərəhləndirici olduğunu xəbər vermişdir.

Cəhənnəmdə digər dəhşətli əzab növü insanların əbədiyyən ölməməsidir. Çünki ölüm onlar üçün qurtuluş -əzabdan qurtulmaq üçün bir yoldur. Buna görə də Allah onların ölmələrinə izn verməyəcək. Ayələrdə xəbər verildiyi kimi, "onlara hər tərəfdən ölüm gələr, lakin ölməzlər" (İbrahim surəsi, 17). Yəni dünyada ikən ölümə səbəb olan hər cür hadisə ilə orada da üzləşəcəklər və bu hadisələr zamanı hiss edilən əzabları, sıxıntıları, qorxuları real olaraq yaşayacaqlar. Amma bütün bunlara baxmayaraq, ölməyəcək və yeni əzab növləri ilə sonsuz həyatlarına davam edəcəklər.

Dünyada bir insan ciddi şəkildə yanandan bir müddət sonra ölür. Oda az bir müddət davam gətirə bilir. Əgər aldığı xəsarətlər ölümcül deyilsə, onda yaraları müəyyən vaxtdan sonra sağalır. Ancaq cəhənnəmdəki atəş əzabı dünyadakı ilə müqayisə edilməyəcək qədər fərqlidir. Allah`ı inkar edən insan orada oda atılacaq və dərisi yanıb töküldükcə, daha çox əzab çəkməsi üçün yeni dəri ilə dəyişdiriləcək (Nisa surəsi, 56) Yəni qısa bir müddət ərzində yanması, sonra ağrısının yox olması kimi bir vəziyyət olmayacaq, əbədi alovlanan atəşin yandırmasının verdiyi bir ağrını yaşayaraq hiss edəcək.

Cəhənnəmdəki başqa bir əzab növü inkarçıların o gün atəşin üzərində tutulub əridilmələridir. (Zariyat surəsi, 13). Bunun necə böyük işgəncə olduğunu dünyada ikən qavramaq bir insan üçün mümkün də deyil. Dünyada çox sadə bir yaranın nə qədər şiddətli ağrı verdiyini bilən insan üçün Allah`ın bu əzabı çox ibrətamizdir. Üstəlik, bütün bunlar var ikən, bir yandan da bunlar olacaq:

Onu uzunluğu yetmiş dirsək olan zəncirə vurun! ... (Haqqə surəsi, 32)

Doğrudan da, kafirlərdən ötrü zəncirlər, buxovlar və alovsaçan od hazırlamışıq. (İnsan surəsi, 4)

Onlar üçün dəmir toppuzlar da hazırlanmışdır. (Həcc surəsi, 21)

...alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq... (Tövbə surəsi, 35)

Başlarına da qaynar su töküləcəkdir. (Həcc surəsi, 19)

Onların paltarları qatrandan olacaq, üzlərini də alov bürüyəcəkdir. (İbrahim surəsi, 50)

Bu, qaynar su və irindir. Qoy, onu dadsınlar! (Səd surəsi, 57)

Qanlı irindən başqa yeməyi də yoxdur. (Haqqə surəsi, 36)


Yeyəcəkləri isə ancaq zəqqum və darı tikanı olacaq. Allah zəqqumun inkar edənlərin qarınlarında necə əzaba çevriləcəyini belə bildirmişdir:

Həqiqətən, zəqqum ağacı günahkar adamın yeməyidir. Əridilmiş yağın çöküntüsü kimi qarınlarda qaynayar – qaynar su qaynayan kimi. Onu tutub cəhənnəmin ortasına sürüyün! Sonra əzab vermək üçün başına qaynar su tökün! Dad (bu əzabı!) Sən ki qüdrətli və şərəfli idin. Sizin şübhə etdiyiniz (əzab) budur! (Duxan surəsi, 43-50)

Allah onların orada yedikləri yeməyin boğazlarında tıxanıb qalacağını bildirmiş, içəcəkləri irinli suyu isə udqunmağa çalışacaqlarını, amma boğazlarından keçirə bilməyəcəklərini söyləmişdir. Dünyada ikən insanın ən iyrəndiyi və nə iyinə, nə də görüntüsünə dayana bildiyi irin sonsuza qədər cəhənnəm xalqının qidası olacaq. Cəhənnəm əhli bundan böyük əzab hiss edəcək, amma ac olduğu üçün yemək məcburiyyətində qalacaq. Amma yemələrinə baxmayaraq, yenə də doymayacaqlar. Sonsuza qədər ac qalmağın ağrısını da dadacaqlar. Allah yedikləri darı tikanının da onları doyurmayacağını belə bildirib:

Onlara daridən (dəvə tikanı) başqa bir yemək verilməyəcəkdir. (Ğaşiyə surəsi, 6-7)

Cəhənnəmdə inkarçıların görəcəkləri əzabla bağlı Quranda başqa misallar da var:

Onlar orada inildəyəcək və (heç nə) eşitməyəcəklər. (Ənbiya surəsi, 100)

... Onlar orada əsrlər boyu qalacaqlar. ... (Nəbə surəsi, 23)

...Onların əzabı yüngülləşdirilməyəcək... (Ali-İmran surəsi, 88)

Onlar atəşdən çıxmaq istədilər, lakin heç cür oradan çıxa bilməzlər (Maidə surəsi, 37)


Bütün bunlar inkar edənlərə təsəvvürə gəlməyəcək qədər böyük əzab verəcək. Bu əzabdan qurtula bilmək üçün canlarının alınmasını istəyəcəklər və bunun üçün dəfələrlə yalvaracaqlar. Cəhənnəmdəki insanların söhbətləri Quranda bizə belə çatdırılır:

Onlar (cəhənnəm gözətçisini) çağırıb deyəcəklər: "Ey Malik! Qoy Rəbbin canımızı alıb qurtarsın!" O isə: "Siz (burada) əbədi qalacaqsınız!"– deyəcək. Biz sizə haqqı təqdim etdik, lakin çoxunuz haqqı xoşlamırdı. (Zuxruf surəsi, 77-78)

Ancaq ayədə də bildirildiyi kimi, Allah dünyada ikən haqq dindən üz döndərdikləri, edilən xəbərdarlıqları dinləmədikləri üçün onların yalvarmalarına cavab verməyəcək və onları həmişəlik əzabın içində saxlayacaq.

Burada göstərilənlər dünyada Allah`ı və axirət gününü inkar edənlərin, cənnət və cəhənnəm mövzusundakı tənbehləri dinləməyənlərin qəti olaraq yaşayacağı əzablardan bir qismidir. İnkarçıların bu əzablardan başqa, əsla qurtula bilməyəcəkləri böyük bir əzab da var ki, bu, sonsuza qədər insanın ağlından bir an belə çıxmayacaq peşmançılıq hissidir. Bu hiss bir insanın görə biləcəyi ən qorxulu yer olan cəhənnəmdə əbədilik yaşamaq məcburiyyətində qalmağın verdiyi sıxıntıdır və getdikcə artar. Çünki başdan bəri bildirdiyimiz kimi, inkarçılar cəhənnəm əzabını daddıqları hər an xatırlayacaqlar ki, əgər dünyada doğru yolu seçsəydilər, bunların heç birini görməzdilər. Ancaq bunun gətirdiyi peşmançılıqdan qurtulmaları da mümkün deyil.