İnkarçıların cəhənnəmdə əbədi olaraq yaşayacaqları peşmançılıq

image

İnkar edənlər cəhənnəmdəki əzabın şiddətini yaşadıqca, dünya həyatında Allah`a iman gətirmədikləri üçün çox peşman olacaqlar. Ancaq bu peşmançılığın onlara heç bir xeyri olmayacaq. Çünki dünyada onlara kifayət qədər fürsət verilmişdi. Amma onlar bunu qiymətləndirə bilməmişdilər. Bunu başa düşəndə onları Allah`dan uzaqlaşdıran, Axirəti unutduran və dünyaya bağlayan hər şeyə və hər kəsə lənət edəcək, onlara qarşı çox böyük qəzəb hiss edəcəklər:

Üzləri odda o yan-bu yana döndəriləcəyi gün onlar deyəcəklər: "Kaş biz Allah`a ibadət edəydik, Onun Elçisinə müti olaydıq! " Onlar deyəcəklər: "Ey Rəbbimiz! Biz başçılarımıza və böyüklərimizə itaət etdik, onlar da bizi haqq yoldan azdırdılar. Ey Rəbbimiz! Onları ikiqat əziyyətə sal və onları müdhiş bir lənətə məruz qoy!" (Əhzab surəsi, 66-68)

Nəhayət, o, hüzurumuza gəldikdə (yoldaşına) deyər: Kaş ki, mənimlə sənin aranda məşriqlə məğrib (arasındakı) uzaqlıq qədər (məsafə) olaydı. Sən nə pis yoldaş imişsən! Bu gün (peşmançılığınız) sizə heç bir fayda verməz. Siz birlikdə zülm etdiyinizə görə əzaba da ortaqsınız! (Zuxruf surəsi, 38-39)


Ayələrdən də göründüyü kimi, inkar edənlər günahı dünya həyatında onları azdıranların üzərinə ataraq, özlərinin əzabdan azad ola biləcəklərini ümid edəcəklər. Halbuki, Allah hər kəsə doğrunu tapa biləcəyi bir vicdan və onun tətbiq edə biləcəyi bir iradə vermişdir. Hamıya hər ikisi anladılmış və hər kəsə düz də, səhv də bildirilmişdir. Və hər insan öz seçimini sahib olduğu iradəyə uyğun və istəyərək etmişdir. Bundan başqa, Allah hər kəsin ürəyində yaşadığı imanı da, inkarı da çox gözəl bilir. Buna görə də cəhənnəm əhli arasında insanların inkar etməsinə rəhbərlik edənlər də, onlara tabe olanlar da layiq olduqlarının əvəzini alacaqlar. O gün heç kim başqasının etdiyi günaha görə məsuliyyət daşımayacaq və heç kimin də günahı başqasına yüklənməyəcək.

Bu insanlar dünya həyatında bir-birilərini günaha sürükləyərkən bəlkə də çox vaxt axirətdə hesab verəcəklərini xatırlamış, amma bunu əhəmiyyətsiz saymışlar. Bir-birilərinə: "Sən elə, günahı mənim boynuma" - demiş və inkar etmələri üçün bir-birilərini həvəsləndirmişlər. Şeytan da bəzi bərli-bəzəkli vədlər verərək onları inkar etməyə yönəltmişdir. Halbuki, Allah: "... O, hüzurumuza tək-tənha gələcəkdir." (Məryəm surəsi, 80) deyərək bu vədlərin inkarçılar üçün heç bir faydasının olmayacağını əvvəlcədən bildirmişdir.

O gün inkar edənlər tamamilə tək olduqlarını açıq şəkildə görəcəklər. Allah`dan başqa onlara nə bir dost, nə də bir yaxın tapılacağını da anlayacaqlar. Çünki dünyada arxasınca getdikləri, özlərinə dost seçdikləri hər kəs cəhənnəmdə onları tərk edəcək. Həmçinin Allah`ı unudaraq yaxın olduqları şeytan da onlara xəyanət edəcək və belə deyəcək:

İş bitdikdə şeytan deyəcək: "Həqiqətən də, Allah sizə gerçək vəd vermişdi. Mən də sizə vəd vermişdim, lakin (vədimə) xilaf çıxdım. Mənim sizin üstünüzdə heç bir hökmranlığım yox idi. Mən sizi dəvət etdim, siz də qəbul etdiniz. Buna görə də məni yox, özünüzü qınayın. Nə mən sizin köməyinizə çata bilərəm, nə də siz mənim köməyimə çata bilərsiniz. Heç şübhəsiz ki, mən əvvəllər də sizin məni (Allah`a) şərik qoşmağınızı rədd etmişdim". Həqiqətən, zalımlar üçün üzücü bir əzab hazırlanmışdır. (İbrahim surəsi, 22)

Dost kimi qəbul etdikləri hər kəsin onlara belə xəyanət etdiyini və onları tək buraxdıqlarını görmək inkar edənlərin peşmançılığını daha da çoxaldan bir səbəb olacaq. Artıq Allah`dan başqa himayəsinə sığınacaq heç kimin olmadığını çox yaxşı başa düşəcəklər. Ancaq bunu başa düşməyin heç bir xeyri olmayacağını görmək də onları çox sıxıntıya salacaq. O gün bir yandan bir-biriləri ilə mübahisə edəcək, bir tərəfdən də dünyada etdikləri günahları etiraf edəcəklər:

Onlar orada höcətləşərək deyərlər: "Allah`a and olsun ki, biz açıq-aydın azğınlıq içində idik – o vaxt ki, biz sizi aləmlərin Rəbbinə tay tuturduq. Bizi ancaq günahkarlar azdırdı. İndi isə bizim nə şəfaətçilərimiz, nə də canıyanan bir dostumuz var! Bir də qayıda bilsəydik, möminlərdən olardıq!" (Şüəra surəsi, 96-102)

Ayələrdən də göründüyü kimi, inkarçılar böyük peşmançılıqla dünyaya yenidən qayıtmağı, iman gətirən insanlardan olub, axirət həyatları üçün onlara fayda verəcək xeyirli işlər etməyi istəyərlər. Ancaq bu diləkləri qəbul edilməz. Bu gün illərlə arxasınca qaçdıqları pulun, gözəlliyin, etibarın, dünyada qazanmağa çalışdıqları müxtəlif maddiyyatların heç bir mənasının olmadığını görəcəklər. Quranda onların peşmançılıqla dolu sözləri var:

Kitabı sol əlinə verilən kimsə isə deyəcəkdir: "Kaş kitabım mənə verilməyəydi! Hesabımdan da xəbərim olmayaydı! Kaş ilk ölümüm həmişəlik olaydı! Var-dövlətim məni qurtarmadı. Hökmranlığım da məhv olub getdi". (Mələklərə deyiləcək): "Onu yaxalayıb zəncirləyin! Sonra da cəhənnəmə atın! Onu uzunluğu yetmiş dirsək olan zəncirə vurun! Çünki o, böyük Allah`a iman gətirmirdi, və kasıbı yedirtməyə rəğbətləndirmirdi. Bu gün burada onun üçün bir dost tapılmaz. (Haqqə surəsi, 25-35)

Və o gün cəhənnəm gətiriləcək. O gün insan xatırlayacaqdır. Lakin xatırlamanın ona nə faydası? O: "Kaş (axirət) həyatım üçün əvvəlcədən hazırlıq görəydim!" – deyəcəkdir. (Fəcr surəsi, 23-24)


Bütün bunlarla yanaşı, cənnət xalqının sevincini görmək də inkar edənlərin yaşadığı peşmançılığı çoxaldır. Çünki cənnətdə yaşayan insanlarla öz yaşayışları arasında fövqəladə fərqə şahid olurlar. Axirətdə cənnət əhli ilə cəhənnəm əhli arasındakı böyük fərqə diqqət çəkilmişdir.

Cəhənnəm əhlinin vəziyyəti Quranda "Onların baxışları yazıq görkəm alacaq, özlərini də zəlalət bürüyəcəkdir. Hərçənd ki, onlar (dünyada) ikən sağ-salamat halda səcdə etməyə dəvət olunurdular” şəklində ifadə edilmişdir. (Qələm surəsi, 43) Başqa bir ayədə isə "üzlərinin tutulub qaralmış" (Qiyamə surəsi, 24) olduğu bildirilmişdir. Bunun əvəzində, cənnətlə müjdələnən möminlərin üzləri belə tərif edilmişdir:

O gün (neçə-neçə) üzlər parlayacaq, güləcək və fərəhlənəcəkdir. (Əbəsə surəsi,38-39)

İnkar edənlər cəhənnəmdə qaynar su, irin, qan, zəhərli dəvə tikanı və zəqqumdan başqa heç bir qida tapa bilməyəcəkləri halda, iman gətirənlər cənnətdə bal, süd axan çaylarla, qədəhlərə süzülmüş bir-birindən gözəl içkilərlə, məhsulları azalmayan və budağı aşağı sallanan meyvə ağacları və nəfslərinin istədikləri daha çox nemətlə mükafatlandırılacaqlar. Bir ayədə cənnət xalqının yeməkləri belə tanıdılır:

Müttəqilərə vəd olunan cənnətin vəsfi belədir; orada xarab olmayan sudan çaylar, dadı dəyişməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan çaylar və süzülmüş baldan çaylar vardır. Orada onları hər cür meyvə və Rəbbi tərəfindən bağışlanma gözləyir. (Məgər onlar) od içində əbədi qalan və bağırsaqlarını parça-parça edən qaynar su içirdiləcək kimsələr kimi ola bilərlərmi? (Muhəmməd surəsi, 15)

Ayədə də bildirildiyi kimi, bu cür mükafatlandırılan adamların ruzisi ilə inkar edənlərin həm aclıqlarını söndürməyə yaramayan, həm də böyük bir əzaba çevrilən ruziləri qətiyyən eyni deyil. Onlar orada saysız dəfə yandırılacaq, saysız dəfə dəriləri əridilib tökülərək təzələri ilə dəyişdiriləcək və sonsuza qədər bir parça sərinlik, ya da fərəhlik tapa bilmək üçün yalvararaq kömək istəyəcəklər. Cənnət xalqının kölgəliklərdə, sərinliklərdə naz-nemət içində olduğunu görəcək və sahib olduqlarından bir az da onlara vermələri üçün yalvaracaqlar. Quranda bu barədə belə deyilir:

Od sakinləri cənnət əhlini səsləyib deyəcəklər: "Bizim üstümüzə bir az su və ya Allah`ın sizə verdiyi ruzidən tökün". Onlar isə deyəcəklər: "Allah bunları kafirlərə haram etmişdir". (Əraf surəsi, 50)

Cəhənnəmdə peşmançılıq içində yaşayan inkarçıların bu cür yardım istəməklərinin əsla nəticəsi olmayacaq:

... Biz zalımlar üçün elə bir od hazırlamışıq ki, onun divarları onları əhatə edəcəkdir. Onlar kömək dilədikdə əridilmiş metal kimi üzlərini qovuran bir su ilə kömək ediləcəkdir. Nə pis içkidir! Nə pis məskəndir! (Kəhf surəsi, 29)

Yenə cənnət xalqına atlas və ipəkdən paltarlar, saysız zinətlər, qızıllar, gümüşlər təqdim edildiyi halda, cəhənnəm əhlinə qatrandan və atəşdən hazırlanmış paltarlar geydiriləcək. Onlar zəncirlərə vurulub, dəmir həlqələrlə bağlandıqları cəhənnəm yataqlarına yatırdılıb, üstləri də cəhənnəm örtükləri ilə örtülərkən, möminlər yüksək köşklər və gözəl otaqlarda, yüksəklərdə qurulmuş və zərifliklə işlənmiş cövhər taxtlarda, gözəlliyi göz oxşayan döşəklərdə, astarları incə işlənmiş atlasdan olan yataqlarda olacaqlar.

Quranda möminlərin arzuladıqları hər şeyin onlara veriləcəyi, xoşlarına gələcək həyat yaşayacaqları, xoşbəxt olacaqları və sevinclə qarşılanacaqları bildirilmişdir:

Rəbbinin yanında onlar üçün istədikləri hər şey hazırlanmışdır (Şura surəsi, 22)

Bunun əvəzində Allah da onları həmin günün şərindən qoruyar və onlara gözəllik və sevinc nəsib edər. (İnsan surəsi, 11)


İnkarçılar da dünya həyatında əgər Allah`ın əmrlərinə tabe olaraq vicdanlı, səmimi və dürüst yaşasaydılar, bu gün cəhənnəm atəşində əzab çəkməz və cənnət əhli kimi nemətlər içərisində yaşayardılar. Buna görə də inkar edənlər hər dəfə cənnət xalqını düşünəndə peşmanlıqları çoxalacaq. Allah onların çəkdiyi cəhənnəm əzabını və peşmançılıqlarını sarsıdıcı kədər kimi göstərmiş və nə vaxt azad olmaq istəsələr, bir daha əzaba düçar ediləcəklərini bildirmişdir:

Onlar hər dəfə oradan çıxmaq, qəmdən qurtarmaq istədikdə yenidən oraya qaytarılacaq (və onlara): "Dadın odun əzabını!" (– deyiləcəkdir.) (Həcc surəsi, 22)

Çünki cəhənnəm daha geri qayıtmaq mümkün olmayan və peşmançılıq hissinin bir fayda verməyəcəyi, hətta bir məna ifadə etmədiyi yerdir. Mələklər, inkarçılar ölən kimi onlara daha sonsuza qədər heç bir gözəlliklə qarşılaşmayacaqlarını xəbər vermişdilər:

Məhz mələkləri görəcəkləri gün günahkarlara heç bir müjdə olmayacaqdır. (Mələklər) deyəcəklər: "(Cənnətə girməyiniz) qadağandır, qadağan!" (Furqan surəsi, 22)

Buna görə də inkar edənlər ancaq yox olaraq bu əzabdan qurtulacaqlarına inanmışdılar. Yox olmaq üçün yalvaracaqlar. Amma bu arzuları qəbul edilməyəcək. Çünki dünyada onlara nəsihət ala biləcəkləri qədər ömür verildiyi halda, onlar bilə-bilə inkar etməyi seçmiş və haqdan üz döndərmişdilər. Bu səbəblə onlara aşağıdakılar deyiləcək:

Bu gün özünüzə bir ölüm diləməyin, çox ölüm diləyin! (Furqan surəsi, 14)

Yanın orada! Dözsəniz də, dözməsəniz də sizin üçün eynidir. Sizə ancaq etdiyiniz əməllərin cəzası verilir . (Tur surəsi, 16)


Allah Əraf surəsinin 40-cı ayəsində onların halat (dəvə) iynənin deşiyindən keçənə qədər cəhənnəmdən qurtulmayacaqlarını və cənnətə girə bilməyəcəklərini bildirmişdir.Bundan başqa, inkarçıların dünyada ikən haqdan üz döndərib axirət gününə və Allah`a qovuşmağı yaddan çıxardıqlarına görə, o gün də onların unudulacağı, yəni Rəbdən heç bir əvəz ala bilməyəcəkləri, kömək göstərilməyəcəyi Quranda bildirilmişdir:

(Allah) deyəcək: "Elədir! Çünki sənə ayələrimiz gəldi, sən isə onları unutdun. Bu gün də sən beləcə unudulacaqsan!" (Taha surəsi, 126)

Və (onlara) deyiləcəkdir: "Siz bu gününüzlə qarşılaşacağınızı unutduğunuz kimi, Biz də bu gün sizi unudacağıq. Sizin sığınacaq yeriniz cəhənnəmdir. Sizin köməkçiləriniz də olmayacaqdır." (Casiyə surəsi, 34)

O kəslərə ki, dinlərini əyləncə və oyun etmişdilər və dünya həyatı onları aldatmışdı. Onlar bu günləri ilə qarşılaşmağı unutduqları və ayələrimizi inkar etdikləri kimi, Biz də onları bu gün unudarıq. (Əraf surəsi, 51)


Onlar isə yenə də yalvaracaq və Allah`dan onları atəşdən çıxarmasını istəyəcəklər, amma Allah belə cavab verəcək:

(Allah) buyuracaq: "Orada alçalmış vəziyyətdə qalın və Mənə heç nə deməyin!" (Muminun surəsi, 108)

İnkar edənlərin həmişə alacaqları əvəz heç cür kömək görməmək və cəhənnəm əzabında tərk edilmək olacaq. Allah onlara rəhm etməyəcək, mərhəmət göstərməyəcək və etdikləri günahları, səhvləri bağışlamayacaq. Halbuki, dünyada ikən Allah`a sığınsaydılar, Onun həmişə bağışlayan və mərhəmət göstərən olduğunu görəcəkdilər. Ancaq cəhənnəmi görəndə bu həqiqətləri xatırlayacaqlar, amma bunun onlara heç bir xeyri olmayacaq.

Bütün bunlardan sonra Allah`ın bəndəsini sevən və hər zaman bağışlayan olduğunu indidən fikirləşib təkcə Onu dost və vəkil qəbul etmək lazımdır. Cəhənnəmin qapıları onların üstünə bircə dəfə bağlandımı, daha sonsuza qədər açılmayacaq və dünyada ikən əllərində olan fürsətlər bir də təkrar verilməyəcək. Bu əbədi peşmançılıqdan azad olmağın yolu isə Quranda bildirilmişdir:

Tövbə edənlər, (əməllərini) islah edənlər, Allah`dan möhkəm yapışanlar və öz dinlərini Allah`a məxsus edənlər istisnadır. Bunlar möminlərlə birgə olacaqlar. Möminlərə isə Allah böyük mükafat verəcəkdir. Şükür etsəniz və iman gətirsəniz, sizə əzab vermək Allah`ın nəyinə gərəkdir? Allah təşəkkür edəndir, biləndir. (Nisa surəsi,146-147)