
Yaşadıqları qısa müddət ərzində insanlara dəfələrlə cənnət və cəhənnəmin varlığı, axirət üçün hazırlaşmalarının vacibliyi bildirilir. Ancaq inkarçılar hər dəfə üzlərini çevirir və onlara verilən fürsətləri dəyərləndirə bilmirlər. Belələrinin ölümlə qarşılaşanda yaşadıqları böyük peşmançılığın əsl səbəbi də öz əlləri ilə özlərini bu vəziyyətə salmalarıdır. Axı heç kim onları məcbur etməyib, öz iradələri ilə hərəkət edərək bu pis nəticəni seçiblər.
İnkarçılar bu səhv seçimin nəticəsində ölərkən əzabı çəkməyə başlayırlar. Bu əzabın başlanğıcı isə ayələrdə də bildirildiyi kimi, ölüm anında yaşanan böyük qorxudur. O gün insanların yaşadığı qorxudan Quranda belə bəhs edilir:
... və ayaq ayağa dolaşacağı zaman - o gün (hər kəs) Rəbbinin hüzuruna gətiriləcəkdir. O, nə təsdiq etdi, nə də namaz qıldı. Yalan saydı və üz döndərdi. Sonra da lovğa-lovğa öz ailəsinin yanına getdi. Vay sənin halına, vay! Yenə də vay sənin halına, vay! (Qiyamə surəsi, 29-35)
Ancaq unutmamaq lazımdır ki, bu qorxunu ancaq dini həqiqətləri inkar edənlər yaşayırlar. Çünki iman gətirən insanlar bütün həyatlarını Allah üçün yaşadıqlarına görə qəlbləri ümidlə doludur.
İnkar edənlər isə ölümlə birlikdə böyük bir peşmançılıq yaşayırlar, ancaq bu, onlara veriləcək əzabların heç birinin qarşısını almağa kifayət etməyəcəkdir. Allah inkar edənlərin canlarının böyük əzab və çətinliklə alınacağını bildirir:
... Zalımları ölüm girdabında olduqda, mələklərin də əllərini uzadıb: "Canlarınızı çıxarın! Allaha qarşı nahaq sözlər söylədiyinizə və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə bu gün siz cəzalandırılacaqsınız!" (–dediklərini) bircə görəydin. (Ənam surəsi, 93)
Bəs mələklər onların üzlərinə və arxalarına vura-vura canlarını alanda necə olacaq? (Muhəmməd surəsi, 27)
İnkarçıların ölüm anında yaşadığı bu vəziyyəti dünya şərtləri ilə anlamaq, əlbəttə, mümkün deyil. Ancaq Allah insanların düşünüb belə bir vəziyyətlə üzləşməkdən çəkinmələri üçün bunu əvvəlcədən xəbər vermişdir. Ölüm mələkləri ayələrdə də açıqlandığı kimi, inkar edənlərin kürəklərinə və üzlərinə vura-vura canlarını alacaqlar.
Onlar bir yandan fiziki ağrı hiss edəcəklər, bir yandan da, əlbəttə, bu əzabla birlikdə peşman olmağa başlayacaqlar. Çünki həmin andan etibarən qayıtmağa imkanları qalmamışdır. Həmçinin, bunu da bilmək lazımdır ki, ölüm anında insan başına gələnləri bəlkə də həmişəkindən daha aydın şüurla dərk edir. Əslində isə ölümdən sonra insan üçün daha sonsuz bir həyat başlayır. Ölüm ancaq keçid mərhələsi, ruhun bədəndən ayrılaraq sonsuzluq məkanına gedişidir.
İnkarçılar canları alınarkən onlara çəkdirilən əziyyətdən başa düşürlər ki, artıq sonsuza qədər davam edəcək böyük bir əzabla üz-üzə durublar. Bütün həyatı boyunca Allah`ın dinindən üz çevirənlər həmin an onları bu əzabdan qurtarması və bağışlaması üçün bütün gücləri ilə Allah`a yalvararlar. Peşman olmuş halda, dünyaya dönməyi, saleh əməllər işləmələri və itirdiklərinin əvəzini çıxmaları üçün bir fürsət də verməsini arzulayarlar. Ancaq bu istəkləri qəbul edilməz, çünki onlara Quran ayəsinin ifadəsi ilə desək, nəsihət alanın ala biləcəyi qədər möhlət verilmiş, cənnət və cəhənnəm həyatı xatırladılmış, amma onlar bilə-bilə bu həqiqətlərdən üz döndərmişlər. Belələrinə imkan verilsə belə, bütün peşmanlığı yaddan çıxararaq yenə inkarı seçəcəkləri Quranda belə bildirilmişdir:
Nəhayət, onlardan birinə ölüm gəldiyi zaman deyər: "Ey Rəbbim! Məni geri qaytar. Bəlkə, tərk etdiyim yaxşı əməlləri edəm" . Xeyr! Onun bu dedikləri ancaq bir sözdür... (Muminun surəsi, 99-100)
İnkar edənlər dünyada Allah`a qəsdən səcdə etməmiş, Onun hökmlərini yerinə yetirməmiş və Onun əmr etdiyi gözəl əxlaqı qəbul etməkdən uzaq olmuşlar. Ölüm gələndə isə nə qədər istəsələr də, buna güc çatdıra bilməyəcəkləri belə açıqlanır:
Ayağın açılacağı və onlar səcdəyə çağırılacaqları, lakin qadir ola bilməyəcəkləri gün onların baxışları yazıq görkəm alacaq, özlərini də zəlalət bürüyəcəkdir. Hərçənd ki, onlar (dünyada) ikən sağ-salamat halda, səcdə qılmağa dəvət olunurdular. (Qələm surəsi, 42-43)
Ölümlə birlikdə Allah`ın vəd etdiyi hər bir hadisənin olduğunu dərk edən bu insanların peşmançılığını artıran bir məsələ də var. Onların dünyada ikən inanmadıqları, sözlərini ciddi qəbul etmədikləri möminlər o gün inkar edənlərin çəkdiyi əzabların heç birinə düçar olmazlar. Onlar bütün həyatlarını səmimiyyətlə, Allah`ın razılığını istəyərək keçirdiklərinə görə, sonsuza qədər hər şeyin ən gözəli ilə mükafatlandırılacaqlar. İnkarçılardan fərqli olaraq, onların canı heç əziyyət verilmədən "yavaş" alınır (Naziat surəsi,2). Ayədə bildirildiyinə görə, mələklər ölüm anında möminləri salamlayar və onlara cənnət müjdəsini verərlər:
... O kəslər ki, tər-təmiz olduqları halda, mələklər onların canını alıb deyirlər: "Sizə salam olsun! Əməllərinizə görə cənnətə girin!" (Nəhl surəsi, 32)
Bu, inkar edənlər üçün daha bir mənəvi əzabdır. Çünki dünyada möminlərə verilən imkan və fürsətlər onlara da verilmişdi. Ancaq onlar dünya həyatının keçici mənfəətlərindən istifadə edə bilmək məqsədilə bilə-bilə cənnəti itirmişlər. Dünyanın müvəqqəti bir sınaq yeri, axirətin əsl həyat olduğu onlara xatırladılanda bunu başa düşmək, dünyada axirət üçün faydalı ola biləcək əməllər tutmağı istəməmişlər. Halbuki, Allah`ın əmr etdiyi gözəl əxlaqı yaşamaq, saleh bir mömin olmaq ancaq səmimi niyyət etməklə və bu niyyətdə iradə göstərməklə hər insan üçün mümkündür. Ölüm anında bütün bunları düşünmək inkar edənlərin içindəki peşmançılığı daha da çoxaldır.
Allah bir ayədə "Yoxsa günah qazananlar onları həyatda olduğu kimi, ölümlərindən sonra da iman gətirib yaxşı işlər görənlərlə eyni tutacağımızı güman edirlər? Nə pis mühakimə yürüdürlər!" (Casiyə surəsi, 21) buyurmaqla hər kəsin yaşayış tərzinə görə ancaq haqq etdiyinin əvəzini alacağını xəbər verir.
Bununla yanaşı, cəhənnəm əzabının onlar üçün hazırlandığını bilməyin yaratdığı qorxu da inkarçıların peşmançılıqlarını qat-qat artıracaqdır. Çünki o ana qədər ancaq canlarının əziyyətlə alınmasının verdiyi əzabı yaşamışdılar, sonra onları nələrin gözlədiyini çox yaxşı başa düşmüşdülər.
İnkar edənlərin ölümlə başlayan bu peşmançılıqları sonsuza qədər davam edəcəkdir. Hər dəqiqə, hər saat və hər gün heç azalmayan əzabın içində qalacaq və peşmançılıqdan heç vaxt qurtula bilməyəcəklər.
Halbuki, belə böyük və sonsuz bir peşmançılığı yaşamamaq insanın öz əlindədir. Ölümün və axirətin həqiqətini başa düşmək üçün onlarla qarşılaşmağı gözləməyə ehtiyac yoxdur. İnsan üçün Allah`ın vədi kifayətdir. Ölümdən sonra Allah`ın ədaləti qəti olaraq öz yerini tapacaq. İnkar edənlər cəhənnəmlə cəzalandırılacaq, iman edənlər cənnətə qovuşacaqlar.
Elə isə hələ ki ölümlə qarşılaşmayan hər insanın edəcəyi ən ağıllı davranış Allah`a sığınmaq və Onun rəhmətini istəməkdir. Eyni zamanda, Allah`ın insanlara yol göstərici kimi göndərdiyi Quranı çox yaxşı öyrənmək və onun göstərdiyi yola uyğun yaşamaqdır.
Ölüm həqiqətini düşünməyərək onu özündən uzaqlaşdırmaq yox, əksinə, ölümün çox yaxın olduğunu fikirləşərək hərəkət etməyin insana faydası var. Allah`a üz tutan insan dünyada və axirətdə Rəbbinin razılığını qazanır və özü də razı salınaraq, cənnətə düşür:
Ey arxayın olan kəs! Razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə tərəf dön! Mənim qullarımın (cərgəsinə) keç! Cənnətimə daxil ol! (Fəcr surəsi,27-30)
Ölümün peşmançılığından qurtulmaq və cənnətin sonsuz gözəlliklərinə qovuşmaq istəyən insan ölümü və ölümdən sonrakı həyatı indidən düşünməli və onu yaradan Rəbbinin yolunu seçməlidir.